Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elşən Məlikovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyul ayının 13-də Bakının Sabunçu rayonunda, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə 1991-ci il təvəllüdlü Əhmədov Mahir Axşay oğlu və qardaşı 2000-ci il təvəllüdlü Əhmədov Elxan Axşay oğlu toydan qayıdan zaman 4 nəfərlə mübahisə edib. Əlbəyaxa dava zamanı E.Əhmədov və M.Əhmədov bıçaqlanıb. Qarşı tərəfdən isə iki nəfər yüngül bədən xəsarətləri alıb. Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilərək əməliyyat olunublar.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məlikov tutulub və məhkəmə qərarı ilə onum barəsində həbs qətimkan tədbiri seçilib.