Maştağada 200 manata görə həmyerlisini öldürən şəxsin məhkəməsində anası ifadə verib

Maştağada 200 manata görə həmyerlisini öldürən şəxsin məhkəməsində anası ifadə verib "Oğlumun o qədər pulu yox idi"
Hadisə
20 Oktyabr , 2016 14:49
Maştağada 200 manata görə həmyerlisini öldürən şəxsin məhkəməsində anası ifadə verib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Tofiq Şəkərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxs ifadə verib.

O, cinayət barədə heç nə danışa bilməyəcəyini deyib.

Daha sonra təqsirləndirilən şəxsin anası Kövsərxanım Şəkərova dindirilib. Onun sözlərinə görə, küçədə oğlunun səsinin gəldiyini eşidib: "Onu evə aparanda, polis gəlib oğlumun cinayət törətdiyini bildirdi. Tofiqin ciddi xəstəliyi var, bir neçə dəfə xəstəxanada müalicə alıb. Oğlumun kimə borc verdiyi barədə heç nə bilmirdim. Onun o qədər pulu yox idi".

Təqsirləndirilən şəxsin qardaşı da ifadəsində T.Şəkərovun kiməsə borc verməsi barədə məlumatının olmadığını deyib: "Mənim ağlım kəsəndən qardaşım xəstə olub. Qardaşımın evliliyindən 2 uşağı olub. İki dəfə evli olub. Həmin qadınlar da dəlixanadan qaçmışdı. Birinci qadın özünü öldürdü, ikinci qadın isə qaçıb getdi".

Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il noyabr ayının 11-də Sabunçu rayonu Maştağa qəsəbəsi, A.M.Əbdülkərim küçəsində baş verib. Qəsəbə sakini 1977-ci il təvəllüdlü T.Şəkərov aralarında yaranmış mübahisə zəmnində 1987-ci il təvəllüdlü İsmayıl Abdullayevə bıçaqla bir neçə zərbə vurub. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən T.Şəkərovu saxlayaraq istintaqa cəlb edib.

Araşdırma zamanı məlum olub ki, T.Şəkərov həmyerlisi İ.Abduləliyevi 200 manata yaxın pul borcuna görə öldürüb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi