Yuxarı

Maştağada 200 manata görə həmyerlisini öldürən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası oktyabrın 6-na təyin edilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Tofiq Şəkərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il noyabrın 11-də Sabunçu rayonu Maştağa qəsəbəsi, A.M.Əbdülkərim küçəsində baş verib. Qəsəbə sakini, 1977-ci il təvəllüdlü T.Şəkərov aralarında yaranmış mübahisə zəminində 1987-ci il təvəllüdlü İsmayıl Abdullayevə bıçaqla bir neçə zərbə vurub. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən T.Şəkərovu saxlayaraq istintaqa cəlb edib.

Araşdırma zamanı məlum olub ki, T.Şəkərov həmyerlisi İ.Abduləliyevi 200 manata yaxın pul borcuna görə öldürüb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi