Prokurorluq: Masallıda 74 yaşlı qadın qətlə yetirilib - YENİLƏNİB-2

Prokurorluq: Masallıda 74 yaşlı qadın qətlə yetirilib - YENİLƏNİB-2 Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb
Hadisə
5 May , 2017 13:54
Prokurorluq: Masallıda 74 yaşlı qadın qətlə yetirilib - YENİLƏNİB-2

Masallı. 5 may. REPORT.AZ/ Masallı rayonunda 74 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Report"un Cənub bürosuna Masalllı Rayon Prokurorluğundan bildirilib. 

Prokurorluqdan verilən məlumata görə, 74 yaşlı Gülgəz İsrafilovanın meyiti üzərində ölümə səbəb ola biləcək zorakılıq əlamətləri aşkar edilib: "Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb" -  deyə, prokurorluqdan bildirilib.

Qadının barmağından qızıl üzük və üzərindəki pul kisəsi aparılıb. Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.

***12:01

Masallı rayonunda yaşadığı mənzildə qətlə yetirildiyi iddia olunan 74 yaşlı Gülgəz İsrafilovanın ölümü ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Ərkivan qəsəbəsi Abbaslı məhəlləsindəki evində tənha yaşayan 74 yaşlı qadının oğlu anasından xəbər tutmaq üçün evlərinə zəng vurub. Telefon zənginə də cavab vermədikdə narahat olub anasının yaşadığı evə gəlib. Qapını bağlı gördükdə pəncərədən evə daxil olub və anasını ölmüş vəziyyətdə görüb. Həyəcanlı halda qonşulara anasının öldürüldüyünü deyib. 

Hadisə yerini müayinə edən hüquq-mühafizə orqanı əməkdaşları evdə hər hansı bir qarət əlamətinin olmadığını müəyyən ediblər. Aparılan araşdırmalar nəticəsində qadının şəkərli diabet xəstəsi olduğu, sübh vaxtı namaza durarkən halının pisləşdiyi və yıxılaraq başından xəsarət aldığı müəyyən edilib. 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə göndərilib. 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma davam edir. 


***10:01

Masallıda yaşlı qadın qətlə yetirilib. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ərkivan qəsəbəsində Abbaslı məhəlləsində baş verib. Qonşuların bildirdiyinə görə, evdə tək yaşayan Gülgəz İsrafilovanın evinə gecə saatlarında basqın olub. 

Təxminən 70 yaşlarında olan qadının baş nahiyəsinə kərpic parçası ilə ağır zərbə endirilib. Nəticədə köməksiz qalan qadın dünyasını dəyişib. 

Evə qarət məqsədilə basqın edildiyi deyilir. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış qrupu yaradılıb. Hadisə yerinin müayinəsi aparılır. 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi