Yuxarı
    Bağlamaq

    Masallıda sünnət zamanı baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanılıb

    Uşağın ölüm səbəbi də məlum olub

    Masallı. 4 may. REPORT.AZ/ Masallı rayonunda sünnət zamanı 5 yaşlı uşağın ölümü ilə bağlı  cinayət işi başlanıb. 

    Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsindən "Report"un Cənub bürosuna verilən məlumata görə, Kənan Hüseynovun ölümünə səbəb uşağın orqanizminin ağrıkəsici kimi istifadə olunan "novokain"ə əks reaksiya verməsi olub.

    Ailənin yeganə övladının Ramiz Sadıqovun səhlənkarlığı üzündən dünyasını dəyişdiyini iddia edən uşağın babası Qardaş Hüseynov həkimin uşaqla sərt davrandığını, uşağın ağlamasına əhəmiyyət verməyərək onları otaqdan çıxardığını bildirib: "Həkim yerli klinikaların birində çalışır. Mən onunla danışanda bildirdi ki, uşağı evdə sünnət edəcək. Biz də hazırlıq gördük. Uşaq dinc qalmırdı, qışqırıb ağlayırdı. Həkim də ona qorxu gəldi və iki iynə vurdu. Sonra bizi otaqdan çıxartdı. Bir qədər sonra uşaq qucağında heç bir söz demədən tələsərək narahat halda evdən çıxdı və maşına minib uzaqlaşdı. Bizi gözləmədən uşağı harasa apardı. Mən ona zəng vuranda dedi klinikaya aparıram. Biz ora gedəndə dedilər uşaq təcili yardımdadır. Təcili Yardım Stansiyasına gələndə isə uşağın öldüyünü bildik".

    Həkim Ramiz Sadıqov "Report"un yerli bürosuna baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini bildirib. O, mətbuatın uşağın ölüm xəbərini "çox böyütdüyünü" də iddia edib: "Nə olub? Bir uşaq ölüb, az qala Tramp da bu hadisədən danışır".

    Masallı Rayon Prokurorluğundan "Report"un Cənub bürosuna bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işinin başlanılıb: "Baş verən hadisə ilə bağlı araşdırma aparılır, ekspertizanın rəyindən asılı olaraq qərar veriləcək".

    Qeyd edək ki, üç gün sonra K.Hüseynovun 5 yaşı tamam olacaqdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi