Masallı MKTİB-də qanunsuzluqlarla bağlı cinayət işi açılıb

Masallı MKTİB-də qanunsuzluqlarla bağlı cinayət işi açılıb Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğuna vətəndaş müraciəti daxil olmuşdur
Hadisə
279
21 May , 2021 15:33
Masallı MKTİB-də qanunsuzluqlarla bağlı cinayət işi açılıb

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində (MKTİB) baş verən qanunsuzluqlarla bağlı rayon Prokurorluğuna vətəndaş müraciəti daxil olub.

Bu barədə "Report"a Masallı Rayon Prokurorluğundan məlumat verilib.

Bununla əlaqədar aparılan araşdırma zamanı müəyyən edilib ki, 2019-2020-ci illərdə işə götürülərək MKTİB-də ictimai işlərə cəlb edilən işçilərin bəziləri qismən işə gəlib, digər qismi isə ümumiyyətlə işə gəlməyib, nəticədə həmin əməkdaşlara cəmi 32 min manat məbləğində əməkhaqqı ödənilib.

Bundan başqa, Birliyin aktından məlum olub ki, həmin qurumun balansında olan avtomobillərin 3 min 700 manat dəyərində ehtiyat hissələri əsassız silinib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi