Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində Binəqədi Rayon Məhkəməsində çıxarılan həbs qətimkan tədbiri ilə bağlı qərardan apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, işə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılıb.
Məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb. Buna M.Əhmədovun müdafiəçisinin məhkəməyə əlavə dəlillər təqdim etməsi olub.
Qeyd edək ki, M.Əhmədov dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.