Maşallah Əhmədov: "Zərərçəkmiş yalan danışır, ona borcum yoxdur"

Maşallah Əhmədov: "Zərərçəkmiş yalan danışır, ona borcum yoxdur" Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin edilib
Hadisə
4 Aprel , 2017 18:13
Maşallah Əhmədov: Zərərçəkmiş yalan danışır, ona borcum yoxdur

Bakı. 4. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə “Report"a onun vəkili Samir Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Yusif Əzizov çıxış edib.

O, M.Əhmədovdan dəymiş zərərin - 132 min manatın ödənilməsini istəyib: "Pulumu versin, çıxsın azadlığa. Əgər pulumu verməsə, onun cəzasının artırılmasını tələb edirəm".

M.Əhmədov isə çıxışında Y.Əzizovun yalan danışdığını deyib: "Yusif müəllimə sual verirəm ki, o, hardan alırdı 128 min manatı? Biz birgə İrandan qranit daş gətirmişdik. Bütün xərcləri də Yusif Əzizov ödədi. Mən yalnız yol xərclərini 5 500 manat ödədim. Daşı satanda Yusif dedi ucuz qiymətə verirsən. Sonra daşı ona təhvil verdim. Mənim Yusifə borcum yoxdur. O, yalan danışır".

Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin edilib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Ötən il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Əhmədov və onun vəkili Samir Abdullayev apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə M.Əhmədova bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Son xəbərlər

Orphus sistemi