Yuxarı

​Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Ona qarşı rəsmi qaydada ittiham irəli sürülüb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın tanınmış futbolçusu Maşallah Əhmədov həbs olunub.

"Report"un əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində "Neftçi"nin keçmiş futbolçusu barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, M.Əhmədov dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. 

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi