Yuxarı

Bakıda marşrut avtobusu qapısı açıq vəziyyətdə sərnişin daşıyır - VİDEO

Bu hal qışın soyuq aylarında da dəyişmir

Bakı. 11 mart. REPORT.AZ/ Marşrut avtobusları ilə sərnişinlərin daşınması sahəsində problemlər qalmaqdadır. Baxmayaraq ki, müxtəlif tədbirlər görülür. Paytaxtın mərkəzi hissələrində əhaliyə müasir avtobuslar xidmət göstərsə də, Bakının ətrafındakı qəsəbələrin əhalisi onlar qədər şanslı deyillər.

"Report"un əməkdaşı xəbər verir ki, Binəqədi ərazisindən Şərifzadə küçəsinə kimi hərəkət edən 165 saylı marşrut avtobusundan istifadə edənlər avtobusların həddən artıq köhnə, natəmiz (xüsusilə hava yağmurlu olanda pəncərədən bayır qətiyyən görünmür) olmasından əziyyət çəkməklə yanaşı, sürücünün avtobusun qapısını açıq qoymasından da kifayət qədər narahatlıq keçirir. Soyuq qış günləri olmasına baxmayaraq, həddindən artıq sərnişin yığan sürücülər qapıları bağlamaqda çətinlik çəkir. Nəticədə sərnişinlər açıq qalmış qapıdan sallanmış formada gedir. Hər dəqiqə təhlükəli vəziyyətin yaranması bir tərəfə, üstəlik, soyuq hava avtobusun içində sərnişinlərin üşüməsinə səbəb olur. Xüsusilə ön tərəfdə oturan və ya ayaqüstə duran sərnişinlərin etiraz səslərinə məhəl qoymayan sürücülər isə "Binəqədi mərkəz" adlanan ərazidən metronun "Azadlıq" stansiyasına qədər qapısı açıq vəziyyətdə gedir. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, martın 10-da A.Mustafayev küçəsində Biləsuvar rayon sakini, 36 yaşlı Nurəddin Salmanov 165 saylı marşrut xətti üzrə idarə etdiyi "Daewoo" markalı avtobusu ilə piyada yolu keçən Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Esmiralda Zeynalovanı vurub. Piyada hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi