Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər dindirilib

Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər dindirilib Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasıında zərərçəkmişlər ifadə veriblər.
Hadisə
3 Mart , 2022 13:50
Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər dindirilib
Maqsud Mahmudov

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə veriblər.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Mələk Dəmirtaş bildirib ki, 2019-cu ilin aprel ayında lombarda qızıllarını qoyaraq 4 min manat pul götürüb:

"Aylıq faiz isə 240 manat təşkil edirdi. Lombardın qarşısına gələndə isə bağlı olduğunu gördüm. Orada dayanan bir neçə şəxsdən obyektin bağlı olması səbəbini soruşdum. Dedilər ki, Maqsud qızılları və pulları götürüb ölkədən qaçıb. Mən də dərhal Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət etdim. İndiyə qədər qızıllarımı ala bilməmişəm. Bu gün mən 4 min manatı qaytarmağa hazıram, bəs qızıllarımı kim verəcək?".

Daha sonra zərərçəkmiş Aysun Səmədova ifadə verib. O da 2018-ci ildə qızıllarını Yasamalda yerləşən lombarda qoyduğunu söyləyib: "Qızıllarımı qoyub 5 min manat pul götürmüşdüm. Həmin pulları da geri ödədim, lakin qızıllarını geri ala bilmədim. Maqsudun qızılları götürüb qaçdığını bildirdilər. Mən də dərhal polisə şikayət etdim və 2020-ci ildə qızıllarımı Mədinədən aldım".

Zərərçəkmiş qismində dindirilən Mələkxanım Rəhimova bildirib ki, 2019-cu ildə lombarda qoyduğu qızılları yalnız ötən ay ala bilib.

Növbəti proses martın 7-nə təyin olunub.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

Son xəbərlər

Orphus sistemi