"Lotu Quli"nin yaxın adamının məhkəməsində şahidlər ifadə verib - ƏLAVƏ OLUNUB

"Lotu Quli"nin yaxın adamının məhkəməsində şahidlər ifadə verib - ƏLAVƏ OLUNUB Məhkəmədə fasilə elan olunub
Hadisə
4 oktyabr 2017 07:58
Lotu Qulinin yaxın adamının məhkəməsində şahidlər ifadə verib - ƏLAVƏ OLUNUB

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə daha sonra şahid qismində Yasin Musayev dindirilib.

O, M.Namazovun həmkəndlisi olduğunu, Ağstafa rayonunun Sadıxlı kənd bələdiyyəsində işlədiyini bildirib. Y.Musayev də M.Namazovun evində axtarış aparılan zaman şahid kimi dəvət edildiyini deyib. O söyləyib ki, axtarış zamanı evdən xəncər və patronlar götürülərək aktlaşdırılıb: "Mən həmin əşyaların haradan götürüldüyünü görmədim, amma dedilər evdən çıxıb".

Dövlət ittihamçısı evdə aparılan axtarış zamanı M.Namazovun övladının otağından götürülən fotosu haqda da sual verib. Şahid həmin zaman uşaq şəklini gördüyünü qeyd edib.

Prosesdə dindirilən Elman İsayev ifadəsində bildirib ki, M.Namazovun avtomobilinə baxışda hal şahidi kimi iştirak edib. O, maşından patron götürüldüyünü gördüyünü söyləyib.

Sonra məhkəmədə fasilə elan olunub.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rafiq Bayramov ifadə verib.

O, təqsirləndirilən şəxsin qohumu olduğunu deyib: "Məhəbbət Namazovun evində axtarış aparılarkən orada idim. Polis əməkdaşları evdən silah və patron götürdülər. Biz həmin zaman evin zalında gözlədik. Onlar özləri gətirdilər".

R.Bayramov qohumu M.Namazovun hərdən maşın alveri ilə məşğul olduğunu, heç vaxt narkotikdən istifadə etmədiyini söyləyib.

Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, ittiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, “Lotu Quli” hazırda 8 saylı cəzaçəkmə müəssəsində cəza çəkir.

Son xəbərlər

Orphus sistemi