Leyla Yunus azadlığa buraxılıb - FOTO

Leyla Yunus azadlığa buraxılıb - FOTO Noyabrın 12-də Arif Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib
Hadisə
9 Dekabr , 2015 15:32
Leyla Yunus azadlığa buraxılıb - FOTO

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində "Sülh və Demokratiya İnstitutu"nun həbsdə olan direktoru Leyla Yunus barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə işi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb.

Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb.

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus isə 8 il 6 ay, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb.

Son xəbərlər

Orphus sistemi