Lerik. 23 fevral. REPORT.AZ/ Lerik rayonunda qar uçqunu zamanı dağıntılar altından çıxarılan 8 aylıq körpənin vəziyyəti normallaşıb.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Lerik rayonunun ən ucqar Orand kəndində qar uçqunu zamanı zərər çəkən ana və övladı Lerik Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxanadan verilən məlumata görə, müayinələrdən sonra 20 yaşlı ana Ülkər Xeyrulla qızı Mustafayeva və 8 aylıq körpəsi Elcan Zöhrab oğlu Mustafayevin vəziyyəti normaldır. E.Mustafayevin səhhətinin tam normallaşana qədər bir neçə gün xəstəxanada qalması məsləhət görülüb.
Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Qar uçqunu zamanı 7 nəfərlik ailənin 5 üzvü evdə olub. Həyətdə olan Zöhrab Mustafayev və həyat yoldaşı dağdan ayrılan qar kütləsinin evə tərəf istiqamətləndiyini görüblər. Lakin evdəkilərə xəbər verənə qədər ev içindəkilərlə bərabər qar kütləsinin altında qalıb və bir otağı uçub. Ailə üzvlərini xilas etməyə çalışan Z.Mustafayev anasını, gəlinlərini və qardaşının iki övladını itirsə də, beşikdə olan 8 aylıq körpəsini xilas edə bilib. Uşağı süni nəfəs verməklə həyata qaytarmaq mümkün olub.