​Lerikdə iki nəfəri bıçaqladıqdan sonra intihar edən məktəb direktorunun üstündən qumbara tapılıb

​Lerikdə iki nəfəri bıçaqladıqdan sonra intihar edən məktəb direktorunun üstündən qumbara tapılıb Baş Prokurorluq rəsmi məlumat yayıb
Hadisə
3 Mart , 2016 15:49
​Lerikdə iki nəfəri bıçaqladıqdan sonra intihar edən məktəb direktorunun üstündən qumbara tapılıb

Bakı. 3 mart. REPORT.AZ/ Lerikdə iki nəfəri bıçaqladıqdan sonra intihar edən məktəb direktorunun üstündən qumbara tapılıb. "Report"un məlumatına görə, martın 2-də Lerik rayonunun Veri-Əliabad kənd sakini Adil Rəhimovun həmkəndlisi Seyid Qurbanovu odlu silah və bıçaqla qəsdən öldürməyə cəhd etməsi və özünü öldürməsi faktlarına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla müəyyən edilib ki, həmin tarixdə saat 05:00 radələrində A.Rəhimov şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılığa görə həmkəndlisi S.Qurbanovu öldürmək məqsədilə ov tüfəngi, bıçaq və balta götürüb onun yaşadığı evə gələrək arvadının və üç azyaşlı uşağının gözləri qarşısında ov tüfəngindən bir dəfə atəş açıb, mətbəx bıçağı ilə ona və arvadı Sevda Qurbanovaya müxtəlif bədən xəsarətləri yetirib. A.Rəhimov iradəsindən asılı olmayan səbəblərdən S.Qurbanovu öldürə bilməyərək hadisə yerini tərk edib. Bundan sonra A.Rəhimov kənd qəbristanlığına gələrək həmin tüfənglə özünə atəş açmaqla intihar edib.

Hadisə yerindən üzərində qanabənzər ləkələr olan mətbəx bıçağı, balta, yivsiz ov tüfəngi, patron və əl qumbarası aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi