Bakı. 28 yanvar. REPORT.AZ/ Lənkəran şəhər sakini Bahadır Balaxan oğlu Heydərov ona məxsus fərdi yaşayış evinin qarət edilməsi ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edib.
Lənkəran ŞRPŞ-dən "Report"a verilən məlumata görə, hadisə yerinin müayinəsi zamanı məlum olub ki, mənzildən bir ədəd 750 manat qiymətində HP markalı kompüter, bir ədəd 150 manat qiymətində "Samsung-Not-2" markalı planşet, bir ədəd "Nokia-130" markalı mobil telefon, 2000 manat dəyərində brilyant qaşlı dəst sırğa-üzük, 1500 manat qiymətində brilyant qaşlı boyunbağı, 1200 manat qiymətində digər qızıl məmulatları oğurlanıb. Ümumilikdə ev sahibinə 5600 manat həcmində ziyan dəyib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Bəhruz Feyruz oğlu Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma davam etdirilir.