İlk xəbər saat 16:44-də verilib
Lənkəran. 22 noyabr. REPORT.AZ/ "Lənkəran şəhərində ahıl ər və arvadın ölüm səbəblərinin qətl və ya qida zəhərlənməsi olduğunu demək hələ tezdir".
Bu barədə "Report"un Cənub bürosunun müxbirinə Lənkəran Rayon Prokurorluğundan bildirilib.
Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsindən verilən məlumatda isə deyilir ki, hazırda meyitlərin müayinəsi davam etdirilir: "Bədənlərdə müxtəlif travmalar var. Kişinin baş nahiyəsində əzik müşahidə olunub. Daxili orqanların əlavə müayinəsi aparılacaq. Qida zəhərlənməsi ehtimalına gəlincə, ilkin müayinə olunan kişinin mədəsində hər hansı qida qalığı aşkar edilməyib. Lakin hələ hər hansı bir səbəb demək düzgün olmaz".
İlkin ekspertizanın rəyinə görə, Lənkəranda ər və arvadın ölüm səbəbləri aldıqları travmalardan ola bilər. Hər iki meyitin müayinəsi zamanı aşkarlanan travmalar bu ehtimalı deməyə əsas verir. Lakin meyitlərdən götürülən nümunələr Bakıya göndəriləcək və yalnız bu müayinələrdən sonra hər iki ölümün səbəbləri tam olaraq təsdiq ediləcək.
Hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırmalar davam edir.