Lənkəran. 11 sentyabr. REPORT.AZ/ Lənkəranda baş verən ağır yol qəzasının bəzi təfərrüatları, həmçinin ölən və yaralananların adları məlum olub.
"Report" Cənub bürosu xəbər verir ki, hadisə eyni toyda iştirak edən maşınların toqquşması nəticəsində baş verib.
Qəza zamanı "42-CA-733" dövlət qeydiyyat nişanlı "Mercedes" toya gedirmiş, "10-FG-154" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik maşınının sürücüsü isə qızını həmin toyun keçirildiyi yerdən götürüb geri qayıdırmış.
Qəza zamanı "VAZ-2106" markalı minik maşınının sürücüsü Əliyev Qalib Fərəməz oğlu ölüb, qızı Əliyeva Rumiyyə isə xəsarət alıb. Digər yaralı "Mercedes"in sürücüsü Rzayev Zaur Kamal oğludur. Onların hər üçü Lənkəran rayon Hirkan qəsəbə sakinləridirlər.
***21:54
Lənkəran. 11 sentyabr. REPORT.AZ/ Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, "VAZ-2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb.
Ölən "VAZ"ın sürücüsüdür. "Mercedes"in sürücüsü isə xəsarət alıb. Digər yaralının hansı maşında olduğu bilinmir. Yaralılar xəstəxanaya yerləşdirilib.