Ləğv edilmiş MTN generalının məhkəməsində zərərçəkmişlər ifadə verib

Ləğv edilmiş MTN generalının məhkəməsində zərərçəkmişlər ifadə verib Növbəti proses iyulun 7-ə təyin edilib
Hadisə
23 İyun , 2017 13:35
Ləğv edilmiş MTN generalının məhkəməsində zərərçəkmişlər ifadə verib

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN-nin sabiq əməkdaşı Rafiq Abdullayev ifadə verib.

O, Xəzər Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Heydər Ələkbərovun 2011-ci ildən tanıdığını, idarə rəisinin müavini İlqar Əliyevin göstərişi ilə Heydər Ələkbərovda olan sənədləri yoxladığını bildirib.

Zərərçəkmiş Heydər Ələkbərov qeyd edib ki, şahid məhkəmədə həqiqəti danışmayıb: "Mənim boynuma şər atıblar. Kamil Şükürovu qonşu otaqda saxlayıblar, üzümə durmağa məcbur ediblər".

Daha sonra digər zərərçəkmiş Maqsud Mahmudov çıxış edib: "Biz məhkəmədə Eldar Mahmudovun dindirilməsini istəyirik. Burada deyirlər ki, vətəndaşların MTN-ə dəvət olunmasına nazir və nazir müavinlərinin göstərişi və səlahiyyəti çərçivəsində olub. Buna görə də sabiq nazirin dindirilməsi vacibdir".

Növbəti proses iyulun 7-ə təyin edilib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi