Sabirabad rayonunda Kür çayının mühafizə zolağında yulğun kolları kəsilərək məhv edilib.
Bu barədə "Report"a rayon porkurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Cavad kəndi ərazisində Kür çayının mühafizə zolağında yulğun kollarının kəsilərək məhv edilməsi ilə bağlı Sabirabad Rayon Prokurorluğuna daxil olan material əsasında araşdırma aparılıb.
Araşdırmalarla Dəllər kəndinin bir neçə sakininin qabaqcadan əlbir olan bir qrup şəxs halında noyabrın 24-də Kür çayının mühafizə zolağına gələrək özləri ilə gətirdikləri baltalarla ərazidə olan 47 ədəd yulğun kolunu kəsərək təbitətə ümumilikdə 3 min 760 manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.
Hazırda istintaq davam edir.