Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı statistika açıqlanıb

Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı statistika açıqlanıb Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3 414 müraciət daxil olub
Hadisə
22 İyul , 2015 10:11
Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı statistika açıqlanıb

Bakı. 22 iyul. REPORT.AZ/ Bu ilin ilk 6 ayı müddətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 5 150 müraciətinə baxılıb, həmçinin 95 cinayət xarakterli material araşdırılıb.

“Report” xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Həmin materialların 65-i (68%) üzrə cinayət işi başlanıb, 30 (32%) material üzrə cinayət işinin başlanılması rədd edilərək zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3 414 müraciət daxil olub, həmin müraciətlərin 12-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

“Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, habelə korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 5 cinayət işi başlanıb”, - K.Əliyev bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Son xəbərlər

Orphus sistemi