Yuxarı

​Kiyevin mərkəzində azərbaycanlılar arasında atışma olub, 2 nəfər yaralanıb

Atışma iştirakçıları hadisə yerindən qaçıblar

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlılar arasında atışma baş verib.

"Report" xəbər verir ki, insident oktyabrın 21-də, axşam saat 18:00 radələrində Siçnevı döngəsində yerləşən "Avrasiya" ("Евразия") restoranında qeydə alınıb.

Əvvəlcə azərbaycanlılardan ibarət iki dəstə arasında dava düşüb. Daha sonra kişilərdən biri digərinə tapançadan atəş açıb. Küçədə daha bir atəş səsi eşidilib. Nəticədə kənarda əyləşən və insidentlə əlaqəsi olmayan ofisiant qadın və başqa bir oğlan yaralanıb. Ölən olmayıb.

Azərbaycanlılar aralarındakı mübahisəyə son qoymaq üçün görüşüblər. Onlardan biri tərəfdaş firmaya məxsus avtomobilin şüşəsini qırıbmış. İlkin məlumatlara görə, atışma zamanı TT markalı tapançadan istifadə olunub. Milisin məlumatına görə, insidentdə üç azərbaycanlı iştirak edib.

"Onlar hadisə yerindən qaçıblar. Lakin məsuliyyətdən qaça bilməyəcəklər, çünki iz buraxıblar", - deyə Ukrayna daxili işlər nazirinin müşaviri İvan Varçenko bildirib.

Milis işçiləri qatı xuliqanlıq maddəsi üzrə cinayət işi açıblar, hadisə iştirakçılarının təsviri belə verilib:

"Onlardan ikisi möhkəm cüssəlidir, üçüncü isə adi. Onlardan birinin əynində yaşıl futbolka, açıq rəngli cins olub, ikincisində isə göy sviter. Onlar daxili müşahidə kamerasının obyektivinə düşüblər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi