​Keçmiş prokurorluq əməkdaşının məhkəməsində zərərçəkmiş ifadə verib

​Keçmiş prokurorluq əməkdaşının məhkəməsində zərərçəkmiş ifadə verib Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib
Hadisə
3 May , 2016 11:27
​Keçmiş prokurorluq əməkdaşının məhkəməsində zərərçəkmiş ifadə verib

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq prokurorluq əməkdaşı Ələmşah Şükürovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Anar Məmmədov ifadə verib.

O, prokurorluğa düzəlmək üçün Ə.Şükürova 14 min manat pul verdiyini bildirib.

Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib.

Qeyd edək ki, Ə.Şükürov 2009-cu ildə prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və "Prokurorluq işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilib.

Həmin il onun barəsində Cinayət Məcəlləsinin (CM) 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Lakin Ə.Şükürova irəli sürülən ittihamlar sübuta yetirilməyib. Məhkəmə qeyd olunan maddələrdə ona bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

2013-cü ildə Ə.Şükürov dələduzluğa görə yenidən hebs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun əməlləri bununla da yekunlaşmayıb. Belə ki, Ə.Şükürov barəsində başqa epizod üzrə yenidən şikayət olunub. Şikayətə əsasən o, şəhər sakinindən prokurorluq orqanlarına qəbulla bağlı külli miqdarda pul alıb. 

Son xəbərlər

Orphus sistemi