Bakı. 13 mart. REPORT.AZ/ Ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun məhkəmə qərarından verdikləri kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə, Ali Məhkəmədə keçiriləcək iclas martın 14-nə təyin edilib.
İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri - E.Əmiraslanov, A.Kazımov və S.Poladov barələrindəki ömürlük azadlıqdan məhrum etmə cəzasının 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə Qaradağ Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə məhkumların müdafiəçisi Elçin Sadıqov tərəfindən verilmiş ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edib. Həmin qərardan narazı qalan həmin şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra onalr Ali Məhkəməyə müraciəıt ediblər.
Xatırladaq ki, hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum olunub.