Keçmiş nazirin xalası oğlunu qətlə yetirən qadının məhkəməsində ekspert və həkim ifadə verib

Keçmiş nazirin xalası oğlunu qətlə yetirən qadının məhkəməsində ekspert və həkim ifadə verib Məhkəmənin növbəti prosesi avqustun 4-nə təyin edilib
Hadisə
8 İyul , 2016 13:42
Keçmiş nazirin xalası oğlunu qətlə yetirən qadının məhkəməsində ekspert və həkim ifadə verib

Bakı. 8 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ekspert Naib Abbasov, həkim Xəqani Şahverdiyev və hadisənin baş verdiyi ərazinin sahə müvəkkili Ədalət İsmayılov ifadə verib.

N.Abbasov bildirib ki, F.İsgəndərovun bioloji ölümü ilə bağlı ekspert kimi rəy verib.

Cərrah olan X.Şahverdiyev ifadəsində hadisə baş verən zaman Su Tikinti Xəstəxanasında olduğunu deyib: "Həmin zaman orada eşitdim ki, xəstəxanaya meyit gətirilib. Daha sonra Xalidə İsgəndərovanın yaralı barmağını tikdim. O, mənə evlərinə oğru girdiyini, ərini isə öldürdüyünü dedi".

Sahə müvəkkili Ədalət İsmayılovun məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa vediyi ifadə arasında ziddiyyət olub. Məhkəmədə onun ilkin ifadəsi elan olunub.

Hakim bildirib ki, şahid qismində yalnız müstəntiq Orxan Əhmədovun dindirilməsi qalıb. Müdafiə tərəfi müstəntiqin şahid qismində dindirilməsinə etiraz edib. Prokuror isə bu məsələyə gələn prosesdə baxılmasını istəyib.

Məhkəmənin növbəti prosesi avqustun 4-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi