Keçmiş MTN-in şöbə rəisi məhkəmənin qapalı keçirilməsini tələb edib

Keçmiş MTN-in şöbə rəisi məhkəmənin qapalı keçirilməsini tələb edib Məhkəmənin növbəti mayın 15-nə təyin edilib
Hadisə
12 May , 2017 17:16
Keçmiş MTN-in şöbə rəisi məhkəmənin qapalı keçirilməsini tələb edib

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən proses təqsirləndirilən Vüsal Ələkbərovun ifadəsi ilə davam etdirilib.

Daha əvvəlki iclasda 7 epizod üzrə dindirilən sabiq MTN əməkdaşı bu dəfə zərərçəkmiş Akif Qurbanovun epizodu üzrə danışıb. O, dövlət əleyhinə olan cinayətlərin araşdırılması üzrə istintaq şöbəsinin rəisi olduğunu deyərək, A.Qurbanovun epizodu üzrə prosesin qapalı keçirilməsini istəyib.

Məhkəmə iclasının qapalı keçirilməsi barədə qərar qəbul edilib və proses iştirakçısı olmayan şəxslər iclas zalından kənarlaşdırılıb.

V.Ələkbərov bununla razılaşmayıb. O, A.Qurbanovdan başqa digər zərərçəkmişlərin də zaldan çıxarılmasını tələb edib. Məhkəmə onun istəyini də nəzərə alıb.

Zərərçəkmiş A.Qurbanov məhkəməyə gəlmədiyi üçün prosesdə onun nümayəndəsi iştirak edib və iclasda V.Ələkbərov ifadə verib.

Məhkəmənin növbəti iclası mayın 15-nə təyin edilib.

Xatırladaq ki, A.Qurbanov tikinti şirkətlərinin rəhbəri olub. MTN əməkdaşları onu həbs etməklə hədələyərək, 1 milyon manat məbləğində pulunu alıblar.

Qeyd edək ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

Son xəbərlər

Orphus sistemi