Keçmiş MTN generalının vəsatətləri təmin edilməyib

Keçmiş MTN generalının vəsatətləri təmin edilməyib Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib
Hadisə
26 Fevral , 2018 17:57
Keçmiş MTN generalının vəsatətləri təmin edilməyib

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə E.Quliyevin vəkili Ziyad Abbaszadə bir neçə vəsatətlə çıxış edib.

O, vəsatətlərində məhkəmə iclaslarının qapalı keçirilməsini və çəkilişlə aparılmasını istəyib. Vəsatət təmin edilməyib.

Daha sonra Z.Abbaszadə digər vəsatətində maliyyə vəsaitlərinin xərclənməsi ilə ilə bağlı təkrar məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsini tələb edib.

Təqsirləndirilən E.Quliyev də vəkilinin vəsatətinin təmin edilməsini və maliyyə xərcləri ilə bağlı ittihamın araşdırılmasını istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Z.Abbaszadə qaldırdığı daha bir vəsatətində bildirib ki, cinayət işində qeyd edilən Malik Mustafayevin ölüm faktı ilə bağlı epizod üzrə mütəxəsis rəyi olmalıdır: "Həmin mütəxəsisin qanunu şərh etməsini istəyirik".

E.Quliyev vəsatətə münasibət bildirən zaman söyləyib ki, keçmiş MTN əməkdaşı Malik Mustafayevlə ayrı-ayrı idarədə çalışıb: "Malik Mustafayev məndən aslı vəziyyətdə olmayıb".

Hakim növbəti vəsatəti də təmin etmədiyini açıqlayıb. 

Prosesdə E.Quliyevin digər vəkili çıxış edib. O, müvəkkilinin günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs ediliblər. Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Məhkəmə hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.

E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

E.Quliyev və digərlərinin ittiham olunduqları cinayətlərə görə dəymiş maddi ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulub. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxslərin əmlaklarının dövlətin xeyirinə müsadirə edilməsi barədə də qərar qəbul olunub. Hökmdən narazı qalan E.Quliyev və A.Mehdiyev apellyasiya şikayəti verib. Hər iki şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyirlər. Həmçinin E.Quliyev müsadirə olunması üçün üzərinə həbs qoyulmuş əmlakının qaytarılmasını da istəyir.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra Nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi