Keçmiş MTN generalının məhkəməsində sabiq şöbə rəisi ifadə verib - ƏLAVƏ OLUNUB

Keçmiş MTN generalının məhkəməsində sabiq şöbə rəisi ifadə verib - ƏLAVƏ OLUNUB Zərəçəkmiş onu "moşennik" adlandırıb
Hadisə
3 Noyabr , 2017 13:24
Keçmiş MTN generalının məhkəməsində sabiq şöbə rəisi ifadə verib - ƏLAVƏ OLUNUB

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin (ATM) sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən zərərçəkmiş S.Qurbanov bildirib ki, R.Səfərov və Heydər İslamovla aralarında olan danışıqların səs yazısı var: "Həmin səs yazısını mətbuatda yayımlayacam".

Hakim isə qeyd edib ki, həmin səs yazısını məhkəməyə təqdim etmək lazımdır.

S.Qurbanov isə səs yazısını məhkəməyə təqdim etməyəcəyini söyləyib.

Zərərçəkmiş Mətləb Mustafayev bir neçə vəsatət qaldırıb. O, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun, nazirliyin keçmiş əməkdaşları Mövlan Şixəliyevin, Təhsin Ağayevin, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun, Xətai Rayon Polis İdarəsinin təhqiqatçısı İslam Rəsulovun, Xətai Rayon Prokrorluğunun müstəntiqi Vasif Əsgərovun, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun, dövlət ittihamçısı Nəriman Babayevin məhkəmədə dindirilməsini istəyib.

Vəsatət təmin olunmayıb.

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.


***

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin (ATM) sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində MTN-in Binəqədi Rayon Şöbəsinin sabiq rəisi Rafiq Səfərov zərərçəkmiş Sahib Qurbanovun epizodu üzrə ifadə verib.

O, zərərçəkmiş S.Qurbanovu tanımadığını və onu həbs edilən zaman görmədiyini deyib. Daha sonra sualları cavablandıran şahid bildib ki, zərərçəkmiş S.Qurbanov saxlanılaraq, MTN-in Binəqədi Rayon Şöbəsinə gətirilib: "MTN-in Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov bizə məlumat verdi ki, Azərbaycana qaçaq mal daxil olub. Biz də bunun əsasında həmin şəxsi saxladıq".

Daha sonra şahid R.Səfərov zərərçəkmiş S.Qurbanovu "moşennik" adlandırıb: "Mən bu adamı tanımıram".

S.Qurbanov isə ""moşennik"əmsə sübuta yetir, pulumu alanda yaxşı idi?" deyib.

R.Səfərov isə qeyd edib ki, pulu Heydər Rüstəmov alıb: "Get pulunu ondan tələb elə. Pulu mənə verməmisən".

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi