"Malik Mustafayev Elçin Quliyevin otağında olandan bir ay sonra intihar edib" - MTN İŞİ

"Malik Mustafayev Elçin Quliyevin otağında olandan bir ay sonra intihar edib" - MTN İŞİ Keçmiş MTN generalının məhkəməsi davam etdirilib
Hadisə
8 Sentyabr , 2017 13:31
Malik Mustafayev Elçin Quliyevin otağında olandan bir ay sonra intihar edib - MTN İŞİ

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Mətləb Mustafayevin epizodu üzrə DTX əməkdaşı Rüstəm Rüstəmov ifadə verib.

O, E.Quliyevin 8 il köməkçisi olduğunu söyləyib: "Rəhmətlik Malik Mustafayev intihar hadisəsindən əvvəl Elçin Quliyevlə görüşə gələndə qardaşı Mətləb Mustafayev də onunla bir yerdə MTN-ə gəlmişdi".

"Mən Malik Mustafayevin intihar etməsindən sonra ifadə vermişəm. Orada da suallara cavab verdim. Onları birgə MTN-in inzibati binasına gələndə gördüm. Malik Mustafayev Elçin Quliyevlə görüşə getdi. Həmin vaxt Mətləblə söhbət etdik və onu ilk dəfə orada tanıdım. Mətləb dedi ki, izahat yazıb, problemi var. O, müharibə veteranı olduğunu, işdən çıxarıldığını söylədi. Hələ qardaşından da gileyləndi", - şahid R.Rüstəmov deyib.

Onun sözlərinə görə, E.Quliyevin kiməsə hədə-qorxu gəlməsini görməyib: "İlqar Əliyev bütün məsələləri özü həll edirdi. Bundan Elçin Quliyevin xəbəri olmurdu. Malik Mustafayev Elçin Quliyevin otağında olandan bir ay sonra intihar edib".

E.Quliyev bildirib ki, Mətləb Mustafayevdən heç bir ifadə almayıb.

Daha sonra şahid qismində MTN-in Müvəqqəti Saxlama Təcridxanasının sabiq rəisi Zaur Bənnayev dindirilib. O, qeyd edib ki, Malik Mustafayevi daha əvvəllər tanıyıb: "Mənim otağımda Mərdan Yaqubov Mətləb Mustafayevlə görüşüb. Həmin zaman Mətləb Mustafayev təcridxanada saxlanılırdı. Onun səhhətinin yoxlanılması üçün MTN-in poliklinika rəsi Məzahir Qurbanov da gəlirdi".

Dövlət ittihamçısı bildirib ki, şahid istintaqa verdiyi ifadəsində Məzahir Qurbanovun Mətləb Mustafayevlə görüşməsinə birbaşa göstərişi sabiq nazir Eldar Mahmudovdan aldığını deyib.

Prosesdə şahidin ifadəsi elan olunub. O, ifadəsində deyib ki, birbaşa göstərişi sabiq nazirdən alıb.

Z.Bənnayev bunu təsdiqləyib.

Proses sentyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi