Yuxarı

​Keçmiş məhkumun cəzası artırılıb

Prokurorun apellyasiya protesti təmin edilib

Bakı. 26 may. REPORT.AZ/ Şəki Apellyasiya Məhkəməsində qanunsuz olaraq narkotik vasitə satmaqda təqsirləndirilən Elçin Vahid oğlu Qasımov barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilib. Belə ki, birinci instansiya məhkəməninin 25 yanvar 2016-cı il tarixli hökmü təyin edilmiş cəzaya aid hissədə dəyişdirilib. E.Qasımovun 4 il cəzası artırılaraq, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar elan olunub.

Qeyd edək ki, Yevlax rayon sakini, 1982-ci il təvəllüdlü E.Qasımov 0,355 qrаm çəkidə оlаn herоin nаrkоtik vаsitəsini ötən ilin oktyabr ayının 10-da həmyerlisi və tanışı olan tаnışı İntiqаm Məlumаt оğlu Gülаlıyevə 20 mаnаtа sаtarkən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış aparılarkən isə 0,921 qram herоin аşkаr оlunaraq götürülüb.

E.Qasımov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddələri ilə ittiham olunub.

Bu il yanvar ayının 25-də Yevlax Rayon Məhkəməsinin hökmü ilə E.Qasımov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Prokuror E.Qasımov barəsində olan hissədə cinayət qanunvericiliyinin müddəalarına uyğun qərar qəbul edilməklə və ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməsini istəyib.

Xatırladaq ki, E.Qasımov daha əvvəllər də məhkumluq həyatı yaşayıb. O, qanunsuz olaraq narkotik vasitə satmaqda təqsirli bilinərək, 2010-cu ildə 4 il müddətinə azadlıqdan məhrum edilib. 3 il sonra isə E.Qasımovun barəsində şərti cəza çıxarılıb və vaxtından əvvəl azadlığa buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi