Yuxarı
    Bağlamaq

    Keçmiş ərini öldürməkdə təqsirləndirilən qadının apellyasiya şikayəti təmin edilməyib

    Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

    Bakı. 31 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, S.İmanovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, qətl hadisəsi ötən il Nəsimi rayonunda baş verib. S.İmanova keçmiş ərini bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan S.İmanova hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.

    O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

    Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

    Xatırladaq ki, S.İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi