Yuxarı

​Keçmiş deputat oğlunun apellyasiya şikayətinə baxılıb

Hökm dəyişdirilmədən saxlanılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseyn barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Şaiq Hüseyn keçmiş deputat, mərhum Şadman Hüseynin oğludur. Şaiq Hüseyn 2014-cü ilin aprel ayında həbs edilib. Belə ki, Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (ƏNMQİBİ) Xətai rayon şöbəsinin keçmiş icra məmuru Şaiq Hüseyn tərəfindən dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs olunub. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədilə ƏNMQİBİ-nin Xətai rayon şöbəsində məhkəmə icraçısı işləyən ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub. Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üstündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, dediklərinə əməl etməyib. Ş.Səfərova daha sonra pulu geri istəsə də buna nail ola bilməyib.

Şaiq Hüseyn bu il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi