Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bunu "Report"a vəkil Ceyhun Yusifov bildirib.
Onun sözlərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, S.Əliyevin 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası 19 ilə endirilib. Bundan başqa, S.Əliyevin adam öldürməyə cəhd maddəsləri Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib. CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə isə müddətin başa çatması ilə əlaqədar olaraq, xitam verilib.
Qeyd edək ki, ittiham aktına əsasən, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.
S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. İstintaq dövründə onun barəsində daha bir neçə maddə irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.