Bakı
"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Mehdi Piriyevin bıçaqladığı Ülviyyə Məmmədovanın hələ də müalicə aldığı və səhhətindəki problemlərə görə məhkəmədə iştirak edə bilmədiyi elan olunub.
Zərərçəkmişin anası Gülizar Məmmədova ifadəsində deyib ki, qızı boşandıqdan sonra uzun müddət aliment ala bilməyib və problemlər də bundan başlayıb.
G.Məmmədova deyib ki, bıçaqlandıqdan sonra qızının müalicəsinə 30 min xərcləyib. O bildirib ki, Mehdi Piriyevin ailəsi müalicə üçün 3 min manat xəstəxana xərclərinə kömək edib.
Mehdi Piriyevin böyük qardaşı Rövşən Piriyev ifadəsində hadisənin aliment borcuna görə baş verdiyini deyib.
Məhkəmə prosesi davam etdirilir.
Qeyd edək ki, hadisə Abşeronda baş verib. Mehdi Piriyev boşandığı həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək, onu bir neçə yerdən bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törədən Mehdi Piriyev könüllü olaraq polisə təslim olub. Boşanan cütlüyün iki övladı var.
M.Piriyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Rəşad Vaqifoğlu