Yuxarı

Piyadanın keçiddən kənarda vurulmasına görə sürücü məsuliyyətə cəlb olunmalıdırmı?

Sürücünün də vəzifəsidir ki, qarşısına çıxan hər hansı bir maneədən yayınmaq üçün mümkün qabaqlayıcı tədbirləri görsün

Bakı.12 yanvar. REPORT.AZ/ "Vətəndaş piyada keçidindən keçmirsə, onun bu hərəkəti nəqliyyat vasitələrinin qəza törətməsinə səbəb olursa, insan ölümü və ya xəsarət alması ilə nəticələnirsə, həmin piyadanın özü də cinayət məsuliyyətinə cəlb olunur". Bunu "Report"a Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O qeyd edib ki, əgər sürücü piyadanı, piyada keçidindən kənar, yəni yolun hərəkət hissəsində vurubsa və istintaq zamanı sürücünün hərəkətlərində qanunazidd əməllər aşkar olunmayıbsa, sürücü məsuliyyətə cəlb oluna bilməz: "Sürücünün də vəzifəsidir ki, qarşısına çıxan hər hansı bir maneədən yayınmaq, onu vurmamaq üçün mümkün olan qabaqlayıcı tədbirləri görsün. Əgər sürücü imkanı daxilində bütün tədbirlərdən istifadə edibsə, lakin nəqliyyat vasitəsinin sürəti və yol şəraiti ona avtomobili saxlamağa imkan verməyibsə, sürücü nəinki cinayət məsuliyyətinə, heç inzibati məsuliyyətə də cəlb olunmamalıdır".

K.Əliyev əlavə edib ki, sürücünün piyadanı vurmamaq üçün hansı qabaqlayıcı tədbirləri gördüyü aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olur: "Aparılan avtotexniki ekspertizanın rəyinə görə, bu qəza sürücü heç bir qayda pozuntusuna yol vermədən baş veribsə, o, nəyə görə məsuliyyətə cəlb olunmalıdır? Sadəcə, bizdə bəzi sürücülər piyadanı görəndə düşünmürlər ki, o, əqli cəhətdən normal insan olmaya da bilər, yaxud xəstə ola bilər, yaşlı insan ola bilər, yaxşı görməyə və yaxşı eşitməyə bilər".

DYP rəsmisi bildirib ki, sürücü piyadanın yolun hərəkət hissəsinə çıxdığını görərkən təhlükəsizlik tədbirləri görməlidir: "Maşının sürətini azaltmalıdır ki, piyada qəfil avtomobilin qabağına çıxarsa, sürücü avtomobili saxlaya bilsin. Bizim sürücülər çox təəsüflər olsun ki, sürət həddinə riayət etmirlər. Sürət həddinin də aşılması sonda piyadanın vurulmaması üçün tədbirlər görməyə imkan vermir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi