Azərbaycanda 37 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Azərbaycanda 37 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib Nəsimi rayonu, Sumqayıt şəhəri və Qubadlı rayon prokurorluqlarında yoxlama keçirilib
Hadisə
7 Yanvar , 2016 17:52
Azərbaycanda 37 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Nəsimi rayonu, Sumqayıt şəhəri və Qubadlı rayon prokurorluqlarında yoxlama keçirilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib.  Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirə Prezident İlham Əliyev tərəfindən 30 sentyabr 2015-ci il tarixdə imzalanmış sərəncamla Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması və prokurorluq orqanları tərəfindən 2015-ci ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Qeyd olunub ki, hesabat dövründə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görülüb.

Prokurorluq və polis orqanlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdə baş verməklə bağlı qalmış bir sıra qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 2015-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərindən əksəriyyətinin, o cümlədən qeyri-aşkarlıq şəraitdə törədilmiş xüsusilə ağır cinayətlərin “isti izlər”lə açılması təmin olunub.

Diqqətə çatdırılıb ki, 2015-ci ildə ədalətli və şəffaf kadr siyasətinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməklə, bu sahədə görülən sistemli iş və məqsədyönlü tədbirlər davam etdirilib, kadrların demokratik əsaslarla müsabiqə yolu ilə seçilməsi prosesinin ardıcıllığı, fəaliyyətlərində uğurlar əldə etmiş işçilərin həvəsləndirilməsi, peşəkarlıq səviyyəsinə malik şəxslərin vəzifədə irəli çəkilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2015-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.

Qeyd edilib ki, hesabat dövründə prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun rəhbərliyinin göstərişi əsasında 2016-cı il yanvarın 6-da Bakı şəhəri Nəsimi rayonu, Sumqayıt şəhəri və Qubadlı rayon prokurorluqlarında daxili nizam-intizam qaydalarına riayət edilməsi və işə davamiyyət vəziyyəti yoxlanılarkən xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

Əməliyyat müşavirəsində Baş prokurorun birinci müavini Rüstəm Usubov çıxış edərək 2015-cü il ərzində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov 2015-ci ilin iş planının icra vəziyyəti və cari ilin iş planı barədə, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin yeni qəbul olunmuş “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə təşkil edilməsi, bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə konkret göstərişlər verilib.

Eyni zamanda, 2015-ci il ərzində görülmüş işlərin vəziyyəti ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2016-cı ildə də öz səlahiyyət hədləri daxilində Prezident İlham Əliyevin rəhbəliyi altında həyata keçirilən yeni məzmunlu siyasi tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkardlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbilərin görülməsini təmin edəcək. 

Son xəbərlər

Orphus sistemi