Keçən ay Azərbaycan sərhədçiləri axtarışda olan 328 nəfəri saxlayıb

Keçən ay Azərbaycan sərhədçiləri axtarışda olan 328 nəfəri saxlayıb Dövlət sərhədini pozduqları üçün 34 halda 35 nəfər tutulub
Hadisə
11 Noyabr , 2015 10:40
Keçən ay Azərbaycan sərhədçiləri axtarışda olan 328 nəfəri saxlayıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Oktyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanlardan 27 nəfəri Azərbaycan, 3 nəfəri Nigeriya, 2 nəfəri İran İslam Respublikası, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun və Kot-Divuar vətəndaşları olub. 

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 2 halda 2 nəfər, Xəzər dənizində 14 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 328 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 6 kiloqram 476,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 18 oktyabr tarixində Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarət məntəqəsinin xidməti sahəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sahildən 8,3 mil məsafədə balıq ovunda istifadə olunan suyun lövbər ipinə bərkidilmiş 2 bağlamada 2 kiloqram tiryək və 1 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 44 halda ümumi dəyəri təqribən 245 min manat olan qaçaqmal, o cümlədən 1662 Azərbaycan manatı, 1380 ABŞ dolları, 900 ədəd pirotexniki maddə, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 1 ədəd motosiklet, 7 ədəd qayıq, 2146 qutu siqaret, 269 ədəd mobil telefon, 30 baş iribuynuzlu mal, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.

Son xəbərlər

Orphus sistemi