Yuxarı

"Kapital Bank"-ın Abşeron filialında törədilən basqının təfərrüatları məlum olub

Hadisəni bank filialının sürücü inkassatoru Hikmət Əliyev törədib

Bakı. 4 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi "Kapital Bank" ASC-nin Abşeron filialında törədilən basqının təfərrüatlarını açıqlayıb. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"a bildirib ki, filialda sürücü inkassator işləyən Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək məqsədilə işin sonunda bankın içərisində gizlənib. 

Onun sözlərinə görə, gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin mülki əməkdaşı Hamlet Şıxəliyev içəridən gələn səsdən şübhələnərək içəridə gizlənən sürücünü aşkar edəndə H. Əliyev bıçaqla mühafizəçiyə hücum edib və onlar əlbəyaxa olublar: "Bu zaman mühafizəçinin üzərindəki xidməti tabel silahı açılıb və güllə onun özünə dəyib.

Mühafizəçi diz nahiyəsindən yaralandığından vəziyyətdən istifadə edən sürücü hadisə yerindən qaçıb. Buna baxmayaraq, hadisə yerinə gələn Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi isti izlərlə yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər. Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq gedir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi