​Kanadadan Azərbaycana poçtla narkotik vasitə keçirən şəxsin məhkəməsi keçirilib

​Kanadadan Azərbaycana poçtla narkotik vasitə keçirən şəxsin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib
Hadisə
17 Noyabr , 2015 14:29
​Kanadadan Azərbaycana poçtla narkotik vasitə keçirən şəxsin məhkəməsi keçirilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Kanadadan Azərbaycana poçtla narkotik vasitə keçirməkdə təqsirləndirilən Kanada vətəndaşı Cahangir Nəcəfov və onun atası, Azərbaycan vətəndaşı Fərhad Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər - Gülnarə Şirinova, Elşən Baxışəliyev, Sənan Mehdiyev, Mehman Atakişiyev, Tərlan Hafizov və Vidadi Həsənov ifadə verib.

C.Nəcəfovla dost olan G.Şirinova ifadəsində narkotikdən istifadə etmədiyini bildirib: "Cahangiri bacımın həyat yoldaşı vasitəsi ilə iki ildir ki, tanıyıram. Onunla yaxın dost olmuşam. Cahangirlə onun mənzilinə şəxsi məsələ üçün getmişəm. Həmin evdə sadəcə yemək yemişik. Narkotikdən isə istifadə etməmişəm".

Hakim Novruz Kərimov G.Şirinovanın məhkəmədə verdiyi ifadəsi ilə ilkin istintaq zamanı verdiyi ifadəsinin bir-birinə uyğun gəlmədiyini bildirib: "İlkin istintaq zamanı başqa sözlər demisən. Cahangirin narkotikdən istifadə etdiyini, onun mənzilində isə bir dəfə həmin narkotikdən daddığnı qeyd etmisən".

G.Şirinova ilkin ifadə verərkən qorxduğu üçün yalan danışdığını bildirib: "Həmin vaxt müstəntiq məni ifadə verməyə çağıranda çox qorxmuşdum. Ora anamla gəlsəm də, tək ifadə verdim. Sonra da müstəntiqin mənə göstərdiyi kağıza imza atdım".

Poçt şöbəsinin əməkdaşı olan E.Baxışəliyev narkotikin necə aşkar etdiklərindən danışıb: "Hər gün bizə poçtla bağlamalar gəlir. Həmin gün iki bağlamanı rentgen aparatı vasitəsi ilə yoxlayarkən, orada məlum olmayan otun olduğundan şübhələndik. Daha sonra hal şahidlərinin gözü qarşısında bağlamanın içərisində nə olduğunu müəyyənləşdirdik. Orada narkotik maddə var idi".

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib. 

Qeyd edək ki, ötən il Dövlət Gömrük Komitəsinin yaydığı xəbərə görə, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində poçt göndərişlərinə "Rapiscan" markalı rentgen aparatı vasitəsi ilə gömrük nəzarəti həyata keçirilərkən Kanadadan daxil olmuş iki ədəd poçt bağlaması şübhə doğurduğu üçün saxlanılıb. Gömrük yoxlaması zamanı bağlamanın birindən 2 kiloqram 15 qram, digər bağlamadan isə 2 kiloqram 300 qram olmaqla, cəmi 4 kiloqram 315 qram bitki mənşəli, tünd yaşıl rəngli, kəskin qoxuya malik maddə aşkar olunub. Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən həmin maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilib.

Daha sonra müəyyən edilib ki, həmin bağlamalar Kanada vətəndaşı Cahangir Nəcəfov adlı şəxsə gəlib. Onun idarə etdiyi və atası Fərhad Nəcəfova məxsus olan avtomobilə baxış zamanı da narkotik vasitələri aşkarlanıb. Hər iki şəxs tutulub.

Son xəbərlər

Orphus sistemi