​Kamran Həsənli: "Samir Piriyev məni şantaj edib"

​Kamran Həsənli: "Samir Piriyev məni şantaj edib" "Beypet" şirkətinə 320 min avro pul yatırmışam"
Hadisə
4 Aprel , 2016 14:08
​Kamran Həsənli: Samir Piriyev məni şantaj edib

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün teleaparıcı Kamran Həsənli müğənni Samir Piriyevin onu dələduzluqda ittiham etməsi ilə bağlı mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, K.Həsənli və onun vəkili Türkel Süleymanlı Samir Piriyevin iddiasının böhtan hesab olunduğunu bildirib.

Onun sözlərinə görə, K.Həsənli 2008-ci ildə Türkiyəyə anasının səhhəti ilə bağlı gedib: "Kamran həmin zaman Antalyada iş adamı Ərhan Yılmazla tanış olaraq, iş qurmaq qərarına gəlib. Buna görə o, Bakıdakı evini satıb. Onlar həmin işə əlavə sərmayə yatırmaq üçün Samir Piriyevə müraciət ediblər. Samir də əvvəl razılaşıb. Daha sonra Samir sərmayə qoymaqdan boyun qaçırıb. Onlar Samirə səhm almağı təklif ediblər. Samir 115 min dollar sərmayə yatırıb. Həmin işə əlavə pul lazım olanda isə Samir imtina edərək, pulunu geri istəyib. Kamran Samirə 15 min dollar və öz maşınını verib. Samir həmin maşını 20 min dollar dəyərində satdığını deyib. Pulun qalan hissəsini Samir istəyəndə Kamran ona Ərhan bəydən alandan sonra verəcəyini bildirib. Samir bu işlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Kamran Samirə bildirib ki, sənə heç nə verməyəcəm. Axı iş quranda özü Kamranın yanına gəlirdi, indi isə gedib onu şikayət edib. Guya Kamran istintaqda faktları saxtalaşdırıb. Axı bu, necə olur?! Ərhan Yılmaz bu işlə bağlı Bakı şəhər prokuroru Əziz Seyidovun adına ərizə də yazıb. Həmin ərizədə Samirin 2009-2010-cu ildə "Beypet" şirkətinə 115 min dollar sərmayə yatırdığı və əvvəl 15 min dollar, sonra 20 min dollar Samirə geri qaytarılması barədə göstərilib".

Mətbuat konfransında Almaniyada yaşayan müğənni Qismət Məmmədzadənin videogörüntüsü yayımlanıb. Müğənni bildirib ki, özü və S.Piriyev həmin şirkətə sərmayə yatırıb: "Türkiyədəki işə sərmayə yatırandan sonra şirkətin vəziyyəti yolunda getmədi. Samir mənə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini dedi. Ona hər üçümüzün - Kamran, Samir və mənim eyni durumda olduğumuzu bildirdim. Sonradan mətbuatda Samirin Kamranla arasında olan səs yazısına qulaq asdım".

K.Həsənli vəkili T.Süleymanlının çıxışı ilə razı olduğunu bildirib: "Samir mənə əvvəl zəng edib yalvarırdı ki, aliment verə bilmirəm, küçədə qalmışam. Sonra ona dedim ki, evim plana düşüb, satıb sənin pulunu verəcəm. Bunu mən ona deyəndən sonra Samir hüquq-mühafizə orqanlarına müraciət etdi. Samir aramızda olan səs yazısını mətbuatda yayımladı. O məni şantaj etdiyinə görə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Mən həmin "Beypet" şirkətinə 320 min avro pul yatırmışam. Samir bu işdə mənim bacım Gülərin adını hallandırır. Axı Samir deyir ki, pulu mən Kamrana vermişəm. Bəs niyə Gülərin adını çəkir?! Kişinin kişiyə sözü olar".

Qeyd edək ki, bir müddət əvvəl S.Piriyev mətbuata açıqlamasında teleaparıcı Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb. Ötən həftə S.Piriyev mətbuat konfransı keçirib.

Son xəbərlər

Orphus sistemi