"Kalaşnikov"u olan şəxsin məhkəməsi başlayır

"Kalaşnikov"u olan şəxsin məhkəməsi başlayır Qanunsuz odlu silah saxlamaqda təqsirləndirilən Maarif Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
11 İyun , 2019 16:31
Kalaşnikovu olan şəxsin məhkəməsi başlayır

Qanunsuz odlu silah saxlamaqda təqsirləndirilən Maarif Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində istintaqı aparılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsində hakim İlqar Abbasovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, M.Kərimov bu ilin mart ayında Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Maarif Kərimovun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd AK markalı avtomat silah, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Kərimov ifadəsində odlu silah-sursatın ona atasından qaldığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi