Yuxarı

​Jurnalist Elçin Həsənovun apellyasiya məhkəməsinin vaxtı açıqlanıb

İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq

Bakı. 9 iyul. REPORT.AZ/ Xuliqanlıqda təqsirləndirilən jurnalist Elçin Həsənovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və onun müdafiəçisinin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 15-nə təyin edilib.

İşə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Həsənovun barəsində “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham olunub.

Nizami Rayon Məhkəməsinin hökmü ilə E.Həsənov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti və E.Həsənovun müdafiəçisi Fariz Namazlı apellyasiya şikayəti verib.

Xatırladaq ki, E.Həsənov Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” internet-qəzetin redaktor müavini vəzifəsində çalışıb. Bundan başqa, o, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavinidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi