​Jurnalist Elçin Həsənovla bağlı növbəti məhkəmə prosesi keçirilib

​Jurnalist Elçin Həsənovla bağlı növbəti məhkəmə prosesi keçirilib Məhkəmənin növbəti iclası iyulun 27-nə təyin edilib
Hadisə
25 İyul , 2016 16:34
​Jurnalist Elçin Həsənovla bağlı növbəti məhkəmə prosesi keçirilib

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən jurnalist Elçin Həsənovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və onun müdafiəçisinin apellyasiya şikayəti üzrə məhkəmənin prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə E.Həsənov çıxış edib. O, ittihamı qəbul eləmədiyini deyib.

Təqsirləndirilən şəxsin vəkili F.Namazlı bildirib ki, ittihamda hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmişi küt alətlə vurduğu göstərilib: "Lakin həmin əşyanın nədən ibarət olduğu bilinmir".

Məhkəmənin növbəti iclası iyulun 27-nə təyin edilib.

Qeyd edək ki, E.Həsənovun barəsində “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham olunub.

Nizami Rayon Məhkəməsinin hökmü ilə E.Həsənov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti və E.Həsənovun müdafiəçisi Fariz Namazlı isə apellyasiya şikayəti verib.

Xatırladaq ki, E.Həsənov Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” internet-qəzetin redaktor müavini vəzifəsində çalışıb. Bundan başqa, o, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavinidir.

Son xəbərlər

Orphus sistemi