İtkin düşmüş neftçinin həyat yoldaşı: "Tanıdığımız, hətta tanımadığımız insanlar da bizi tək qoymurlar" - VİDEO

İtkin düşmüş neftçinin həyat yoldaşı: "Tanıdığımız, hətta tanımadığımız insanlar da bizi tək qoymurlar" - VİDEO “36 il idi neftçi işləyirdi, bu illər ərzində hər hansı qəza ilə qarşılaşmamışdı”
Hadisə
3 Yanvar , 2017 12:09
İtkin düşmüş neftçinin həyat yoldaşı: Tanıdığımız, hətta tanımadığımız insanlar da bizi tək qoymurlar - VİDEO

Bakı. 3 yanvar. REPORT.AZ/ “Tanıdığımız, hətta tanımadığımız insanlar hər gün səhərdən gecə saat 11-12-yə qədər bizi tək qoymurlar, gəlirlər, zəng edirlər”. 

Bunu "Report"a dekabrın 15-də “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsində baş verən qəzadə itkin düşən Hacıəliyev Həsənağa Hüseynağa oğlunun həyat yoldaşı Zemfira Haciəliyeva deyir. O və ailəsi Həsənağa Hacıəliyevin ya özünün, ya da bir xəbərinin gəlməyini gözləyir.

Xatırladaq ki, dekabrın 15-də saat 05:00 radələrindəXəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşənlərdən yalnız birinin neftçi İlham Qafarovun meyiti tapılıb. İtkin düşən digər neftçilərin axtarışı isə davam edir.

Ötən günlər ərzində nə qədər gəlib gedən olub, hamı deyir biz onu tanıyırdıq, o çox yaxşı adam idi. Bizə hiss elətdirirlər ki, bu təkcə bizim deyil, bütün Azərbaycanın kədəridir, insanlar bizim dərdimizə şərikdirlər. İnanın səhərdən gecə saat 11-12-yə qədər bizi tək qoymurlar, gəlirlər, zəng edirlər” - deyir Zemfira Haciəliyeva.

Onun sözlərinə görə, Həsənağa Hacıəliyev 36 ildir ki, neftçi işləyir. İşini çox sevən adam olub. Ev günləri olanda belə dəniz kənarına gedərək, dənizi seyr edirmiş: “Evdə olanda da işi üçün, iş yoldaşları üçün darıxırdı. O bir gün dənizsiz qala bilmirdi. İş kollektivindən də çox razı idi”.

Müsahibimiz deyir ki, H.Hacıəliyev nəvələrini çox sevirmiş, işdən gələn kimi, dincini almadan nəvəsini götürüb gəzdirməyə aparırmış: “Deyirdik ki, gəl biraz dincəl, sonra gedərsiniz. Deyirdi, işdən evə gəlməyə məhz Nihat üçün tələsirəm, bilirəm ki, 8 gündür məni gözləyir. Gəncləri, uşaqları çox sevirdi. Çox mehriban idi”.

Zemfira Haciəliyeva deyir ki, 36 ildir evlidirlər: “Həm özü, həm də ailəsi mehriban idi. O, Ailəsinə, dostuna, qonşusuna çox bağlı adam idi, tanıdığı hər bir insanı yaxın bir şəxs kimi sevirdi”.

Həsənağa Hacıəliyevin oğlu Zaur deyir ki, 36 il neftçi işləyən atası bu illər ərzində hər hansı qəza ilə qarşılaşmayıb: “Atamın 60 yaşı var, ömrünün yarısından çoxunu bu işə sərf edib. O, operator vəzifəsində işləyirdi. Çox sakit, qapalı adam idi. İşdən gələndən sonra orda olanlar barədə heç vaxt heç nə danışmırdı. Bilmirdik ki, işdə hansı çətinlikləri var, hansı şəraitdə işləyir. 7 gün işləyəndə 8 gün evdə olurdu. Evdə gününün çoxunu nəvələri ilə keçirirdi. İki oğul övladı, 3 nəvəsi var”.

Hadisə olan günü xatırlayan Z.Hacıəliyev deyir ki, onlara Neft Yığım Məntəqəsində qəza olduğunu bildirdilər: “Bildirdilər ki, atam da orda olub...”.

Müsahibim ötən günlər ərzində onlara göstərilən qayğıdan, diqqətdən razı olduğunu qeyd edir. O bildirir ki, ölkə başçısının tapşırığına əsasən “Azneft” İB-də qərargah yaradılıb: “Ora ilə əlaqə saxlayıram, gedirəm. Bizə tez-tez məlumat verilir. Həm biz, həm də onlar istəyirlər ki, itkin düşən işçilər tapılsın. Günün 24 saatı orda adam olur, nə vaxt getsək bizi qarşılayırlar. Görülən işlər barədə məlumat verirlər, hər bir cəhətdən dəstək olurlar. Sağolsunlar”.

Z.Hacıəliyev deyir ki, itkin düşən digər neftçilərin ailələri ilə də tez-tez görüşürlər: “Hamısı bizi kimidir... Çarəsiz... Xəbər gözləyirik”.

O bildirib ki, onlara ötən günlər ərzində istər maddi, istərsə də mənəvi dəstək olub: “İnsanlar gəlir, bizi tək qoymur. SOCAR-ın rəhbər işçiləri, atamın iş yoldaşları gəlirlər”.

Son xəbərlər

Orphus sistemi