Yuxarı

​İt gəzdirəni öldürən şəxs: "Orxana iki, Həsənə bir bıçaq zərbəsi endirdim"

Ölənin anası: “O mənim yeganə oğlum idi”

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, dünyasını dəyişən Həsən Həsənovun anası Sevda Həsənova, zərərçəkən Orxan Məmmədzadə, Viktoriya İmamverdiyeva və Leyla Çobanova ifadə verib.

E.Çobanov dindirilən zaman özünü qismən təqsirli bilib: "Hadisə günü həyat yoldaşım Leylanı Azərbaycan Dövlət Pedaqoji Universitetindən evə gətirirdim. Axşam tərəfi idi. Leyla 3 rəfiqəsi ilə birgə idi, mənim onların arxasınca gəlməyimi istədi. Mən də razılaşdım. "Sahil" bağında Həsən Həsənov və onun dostu Orxan Məmmədzadə yanında it gəzdirirdi. Həyat yoldaşımgil oradan keçərkən birdən it onlara tərəf hürməyə başladı. Həsən qızlara dedi ki, "it qızları tutmur". Bu zaman mən hər iki şəxsə yaxınlaşdım. Məndən kim olduğumu soruşdular. Qızlardan birinin həyat yoldaşım olduğunu deyib, nömrəmi onlara verməyimi təklif etdim ki, başqa vaxt görüşərik. Əvvəl mənə nalayiq söz dedilər. Sonra Orxan idman çantasını belindən yerə atıb mənim sinəmdən vurmağa başladı. Mən də cibimdəki bıçağı çıxarıb, öncə Orxana iki zərbə endirdim, birini isə Həsənə vurdum. Lakin həmin şəxsləri öldürmək niyyətim yox idi. Özümü qismən təqsirli bilirəm. Hadisə yerindən qaçarkən bıçağı hara atdığımı unutmuşam".

H.Həsənovun anası Sevda Həsənova dindirilən zaman hadisə günü qızlara hürən itin balaca olduğunu deyib: "Oğlum ali təhsilli idi. Həsən qohumumuz olan Viktoriya İmamverdiyevanın itini "Sahil" bağında gəzdirməyə çıxmışdı. Həmin it balaca idi. Adam dişləyən deyildi. Hadisə günü gecə saat 22:30 radələrində polisdən evə zəng vurub dedilər ki, Həsən başından yaralanıb. Çünki mənim qorxmağımı istəməyiblər. Həsənin öldüyünü sonra bildim. O mənim yeganə oğlum idi".

O.Məmmədzadə isə ifadə zamanı hadisə haqda bunları danışıb: "Həsənlə üç ildən çoxdur dostluq edirdim. Özüm peşəkar boksla məşğul oluram. Hadisədən 2 gün sonra, yanvarın 8-də yarışa çıxmalı idim. Həsən əvvəllər mənə birgə məşq etməyimizi təklif etmişdi. Məşqdən çıxıb evə gedərkən Həsənlə "Sahil" bağında rastlaşdıq. Parkda oturmaq istədik. Bu zaman dörd qız yanımızdan ötüb keçirdi. Qızlardan biri Həsənin gəzdirdiyi itdən qorxdu. Dostum da dedi ki, "qorxma, it dişləmir". Bu zaman bizə kimsə yaxınlaşıb "it dişləyə də bilməz" dedi. Məşq çantam ağır olduğu üçün onu yerə qoymaq istədim. Bu zaman mənə iki bıçaq zərbəsi vurulduğunu hiss etdim. Elçin daha sonra bir bıçaq zərbəsi də Həsənə endirdi. Həsən "o məni vurdu" deyərək yerə yıxıldı. Elçin "Sahil" metrosu istiqamətində qaçmağa başladı. Onun arxasınca qaçarkən qızlardan biri qabağıma keçdi. Lakin Elçini tapa bilmədim. Geri qayıdanda Həsənin başına adamların yığıldığını gördüm. Onun dilini çıxarmaq istədim. Lakin dostum qucağımda dünyasını dəyişdi. Təcili yardım gələndən sonra məni xəstəxanaya apardılar və yaralarıma tikiş qoydular".

Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayının 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb.

E.Çobanov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi