Yuxarı
    Bağlamaq

    İsveçrə şirkətinin Azərbaycanda olan nümayəndəliyi ona qarşı olunan ittihamlara cavab verib

    Zepter İnterneyşnl MMC: Rayon Prokurorluğunda fakt üzrə cinayət işinin başlanması tamamilə qanunsuzdur

    Bakı. 12 dekabr. REPORT.AZ/ İsveçrə şirkətinin Azərbaycanda olan nümayəndəliyi "Zepter İnterneyşnl" MMC dələduzluqda ittiham olunur.

    Bu barədə “Report”a "Zepter İnterneyşnl" MMC-nin nümayəndəsi məlumat verib.

    Şirkətdən verilən məlumata görə, “Rayda” MMC-nin (Travel turizm agentliyi) şikayəti əsasında Xətai Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb: "Bu il iyul ayında "Zepter İnterneyşnl" MMC-nin rəhbəri Milan Lukiç vətəni Serbiyaya məzuniyyətə getmək fikrinə gəldikdə, şirkət əməkdaşları aralarında olan müqaviləyə əsasən uzun müddətdir ki, xidmətlərindən istifadə etdikləri “Rayda” turizm agentliyinə 23 iyul-21 avqust tarixlərinə Bakı-İstanbul-Belqrad və Belqrad-İstanbul-Bakı reysi üzrə (Türk Hava Yolları) aviabiletlər sifariş etdilər. Həmin zamana təsadüf olan Türkiyədə dövlət çevrilişinə cəhd olduğuna görə və hava limanında böyük qalmaqallı hadisələr baş verdiyindən - 16 iyul 2016-cı il tarixdə rəhbərlik sifariş verilən onlayn biletin dəyişdirilməsini istəyib və "Zepter İnterneyşnl" MMC-nin əməkdaşları tərəfindən telefon vasitəsi ilə dərhal “Rayda” turizm agentliyinə şifahi şəkildə bildirilib. 16-17 iyul tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən 18 iyul 2016-cı il tarixdə şirkətin əməkdaşı tərəfindən elektron poçt vasitəsi ilə uçuşun ləğv olunması barədə “Rayda” turizm agentliyinə təkrar müraciət olunub. Turizm agentliyi ilə danışılandan sonra onlar razı olduqlarını bildirdilər və Milan Lukiçə həmin tarixlərə Bakı-Moskva-Belqrad və Belqrad-Moskva-Bakı reysi üzrə aviabiletlər təşkil edərək şirkətin elektron ünvanına onlayn biletləri göndərdilər və həmin xidmətin qarşılığında biletin ödənişini tam aldılar. İyulun 26-da şirkətin direktoru Milan Lukiç Belqradda olarkən “Rayda” turizm agentliyinin əməkdaşları şirkətdən Bakı-İstanbul-Belqrad və geri reysindən imtina olunması barədə rəsmi məktub təqdim olunmasını istədilər və həmin istək yerinə yetirildi. 26 iyul 2016-cı il tarixdə şirkət tərəfindən “Rayda” turizm agentliyinə imtina məktubu da göndərildi".

    "Zepter İnterneyşnl" MMC-nin nümayəndəsi bildirib ki, hadisədən bir ay keçəndən sonra avqust ayında “Rayda” turizm agentliyi imtina edilən biletlərin pulunu istəyib: "Həmin biletlərin qiymətlərinin isə 1084 manat 74 qəpik təşkil etdiyini söylədilər. Onlara dedik ki, “axı, əvvəlcədən siz bizə heç nə demədiz, biletləri də dəyişdirmək istəyəndə razılaşdız və bizdə dəyişdirilmiş biletin pulunu ödədik”. “Rayda” MMC həmin məbləği tələb etsə də, ancaq Türk Hava Yollarına aviabiletlərə görə pul ödədiyini təsdiq edən qəbzi bizə təqdim etmirlər. Həmin qəbzi prokurorluğa yazdıqları şikayətdə əlavə etmirlər. Düzdür, biz biletin geri qaytarılması ilə bağlı nəzərdə tutulan cəriməni ödəmək niyyətində idik, lakin onlar özləri biletlər dəyişdirilən zaman bununla bağlı şirkətimizə heç bir söz demədilər”.

    Şirkət nümayəndəsi söyləyib ki, şirkətlər arasında mülki mübahisə olmasına baxmayaraq, Xətai Rayon Prokurorluğunda fakt üzrə cinayət işinin başlanması tamamilə qanunsuzdur: “Guya biz dələduzluq eləmişik. Axı burada heç bir dələduzluq faktı yoxdur. Bu iki şirkət arasında olan pul söhbətidir. Qanuna əsasən, mülki iddiaçı qismində iddia qaldırılmalı idi, lakin rayon prokurorluğuna müraciət edilməməli idi. Xətai Rayon Prokurorluğu da heç bir qanuna əsaslanmayaraq, fakt üzrə cinayət işi açıb və baxılması üçün Xətai Rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərib”.

    "Zepter İnterneyşnl" MMC nümayəndəsi rayon prokurorluğunda fakt üzrə cinayət işinin başlanmasına görə, Azərbaycanda fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkdirdiklərini vurğulayıb: “Rayda” turizm agentliyi bu məsələ ilə bağlı Serbiyanın Azərbaycandakı səfirliyinə də şikayət edib. Səfirlikdən məsələ barədə bizdən soruşdular. Şirkət rəhbərliyi də onlara məsələni izah etdikdən sonra, səfirlik əməkdaşları da mülki mübahisənin Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işinə çevrilməsindən təəcüblərini gizlədə bilmədilər. Şirkət nümayəndəsi onu da bildirdi ki, özünü “Rayda” turizm agentliyinin rəhbəri kimi təqdim edən Adil Əliyev açıq-aydın şəkildə Xətai Rayon Prokurorluğundan təzyiq, hədə-qorxu vasitəsi kimi istifadə edir və Xətai Rayon Prokurorluğunda hansısa səbəbdən açıq-aydın olan mülki mübahisəni qanunsuz təsir göstərməklə cinayət əməli kimi göstərməyə çalışır. Əgər belə qanunsuzluqlar davam edərsə, sonda "Zepter İnterneyşnl" MMC öz fəaliyyətini Azərbaycan Respublikasında dayandırmaq məcburiyyətində qalacaq və bundan da daha çox həmin şirkətdə çalışan vətəndaşlarımız zərər görəcəklər, çünki onlarla ailə həmin şirkətdən aldığı əmək haqqı ilə dolanır. Şirkət bununla bağlı Azərbaycan Prezidentinə də müraciət edib. Rəhbərlik qanunsuz olaraq, onların işlərinə müdaxilə edilməsindən narahatdır”.

    Xətai Rayon Prokurorluğunun dəftərxanasından "Report"a bildirilib ki, işlə bağlı məlumat almaq üçün rayon prokurorluğuna yazılı müraciət edilməlidir: "Hazırda biz sizə bununla bağlı heç nə deyə bilmərik. Çünki işlərimiz çoxdur və vaxtımız da istənilən qədər yoxdur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi