Yuxarı

İsveçrə prokurorluğu Telman İsmayılov barəsində cinayət işi başlayıb

İsveçrə prokurorluğu azərbaycanlı milyonçuya cinayət işi açıb

İsveçrənin Sürix şəhər Prokurorluğu Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli tanınmış rusiyalı iş adamı Telman İsmayılov barəsində cinayət işi başlayıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, ona qarşı cinayət işi Rusiyanın “VTB” bankına məxsus “BM-Bank”ın iddiası əsasında açılıb. 

T.İsmayılov dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunur. Cinayəti sübuta yetiriləcəyi halda onu maksimum 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Məlumata görə, “BM-Bank” 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək T.İsmayılova məxsus “AST” qrupunun “Rusline 2000” müəssisəsinə və “Tropicano Finance B.V.”yə 230 milyon dollar məbləğində 3 dəfə kredit verib.

Bir müddət əvvəl “BM-Bank” T.İsmayılova məxsus “Praqa” restoranını, “Tropikano” Biznes Mərkəzini, “AST” Ticarət Mərkəzini və Moskvada Kutuzov prospektindəki 2 mənzilinə, habelə onun ABŞ-dakı “Craig Valley Plaza” Ticarət Mərkəzinə həbs qoyulub. 

Kreditorlar bildiriblər ki, T.İsmayılov kredit vəsaitinin bir hissəsini İsveçrədəki banklara köçürüb.

T.İsmayılvoun vəkili məlumatı mətbuatdan öyrəndiklərini bildirib.

Qeyd edək ki, İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Azərbaycanın Göyçay rayonunda anadan olub. Sonra Rusiyaya gedib. O, biznesə 1987-ci ildə Moskvada “Kommersiya xeyriyyə şirkəti” açmaqla başlayıb. T.İsmayılovun Moskva şəhərinin keçmiş meri Yuri Lujkovla çox yaxın işgüzar əlaqələri olub. 1989-cu ildə “AST”nin ilk qrupunu yaradıb. Qrupda paylar onun iki oğlu və qardaşı oğlu arasında bərabər bölünüb. Müxtəlif vaxtlarda qrupa 30 şirkət daxil olub. 2000-ci ildən başlayaraq, T.İsmayılovun biznesi ilə bağlı bir sıra cinayət işi başlayıb.

T.İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa olunub və 2009-cu il mayın 23-də açılışı olub. Otelin açılış mərasiminə Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğan və dünya şöhrətli müğənnilər qatılıblar. Mehmanxananın tikintisinin 1,4 milyard dollara başa gəldiyi deyilir.

O, hazırda Türkiyədə yaşayır. Azərbaycandan olan iş adamı Türkiyə vətəndaşlığına keçmək üçün rəsmi müraciət edib.

T.İsmayılov eyni zamanda Avrasiya Yəhudi Kongresinin vitse-prezidentidir. Dağ yəhudilərindən olan Telman İsmayılovun sərvətinin 3 milyard dollar olduğu təxmin edilir. İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.

2015-ci ildə o, Rusiyada müflis elan edilib. 2016-cı ildə onun “AST-Şit” mühafizə müəssisəsi bağlanıb. 2017-ci ilin martında Moskva vilayəti Arbitraj məhkəməsi T.İsmayılovu yenidən müflis elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi