İstirahət kompleksindəki uçqun hadisəsi ilə bağlı təqsirləndirilən şirkət əməkdaşının məhkəmə istintaqı yekunlaşıb

İstirahət kompleksindəki uçqun hadisəsi ilə bağlı təqsirləndirilən şirkət əməkdaşının məhkəmə istintaqı yekunlaşıb Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib
Hadisə
5 Avqust , 2017 16:07
İstirahət kompleksindəki uçqun hadisəsi ilə bağlı təqsirləndirilən şirkət əməkdaşının məhkəmə istintaqı yekunlaşıb
Report

Bakı. 5 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində istirahət kompleksində baş vermiş uçqun hadisəsi ilə bağlı təqsirləndirilən “Xəzər-1” firmasının iş icraçısı Eltun İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribov sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası avqustun 8-nə təyin edilib.

İstintaqla müəyyən edilib ki, E.İsmayılov Səbail rayonu, Salyan şossesi 14\2 ünvanda inşa edilən istirahət kompleksinin tikintisində üzərinə tikinti quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və digər normativ sənədlərə uyğun təşkil etmək, icrası nəzərdə tutulan tapşırıqları müəyyənləşdirməklə onların icrasına nəzarət etmək vəzifələri qoyulmuş şəxs kimi iş icraçısının vəzifə öhdəliklərinin tələblərini pozub. Nəticədə istirahət kompleksinin giriş hissəsindəki tavan səthinin quraşdırılması məqsədilə 8,5 metr hündürlükdə beton tökülməsi üçün nəzərdə tutulan taxtabəndin uçması baş verib, orada fəhlə işləyən Rövşən İbrahimov və Ramal Yolçuyev ölüb, Fidayəddin Xanlarov, Firəddin Xanlarov, Əmir Mehdiyev, Təbriz Şükürov, Tofiq Hüseynov və Ayaz Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

E.İsmayılova Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən E.İsmayılov ibtidai istintaq zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində müxtəlif tikinti firmaları ilə əlaqə saxladığını deyib. E.İsmayılov bu ilin aprel ayında “Xəzər-1” firmasının rəhbərliyi ilə əmək müqaviləsi bağladığını, iş icra layihəsi ilə tanış olduğunu, aprelin 12-də isə tikintidə uçqunun baş verdiyini söyləyib: "Hadisə ikinci iş günümdə günorta saatlarında qeydə alınıb. Həmin gün əraziyə beton qarışdıran maşınlar gəldi. Daha sonra 16 maşın betonu boşaldıb getdi, 250 tona yaxın beton karkasa töküldü. Son iki maşının boşaldılmasını işçilərə tapşırıb, zirzəmiyə düşdüm. Bu zaman ucadan səs eşidib, bayıra qaçdım. Restoranın girişinin tavan hissəsində içərisinə beton tökülmüş örtüyün aşağı çökərək müvəqqəti örtüyü dağıtdığını, orada işləyən fəhlələrin isə çöküntü altında qaldığını gördüm”.

Son xəbərlər

Orphus sistemi