Yuxarı
    Bağlamaq

    İstintaq təcridxanasında saxlanılan şəxs Ombudsmana şikayət edib

    ​Milli Preventiv Qrup Penitensiar müəssisələrə və müvəqqəti saxlama yerinə başçəkmələr həyata keçirib

    Bakı. 27 yanvar. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına, 17 saylı cəzaçəkmə müəssisəsinə, 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə (MTCM), habelə Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçiriblər.

    Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Başçəkmələrin məqsədi Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin, bu müəssisələrdə saxlanılma şəraitinin və rəftarın araşdırılması olub. Başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

    Müraciətlərlə əlaqədar 3 saylı İstintaq Təcridxanasında fərdi qaydada qəbul edilmiş şəxslərlə aparılan konfidensial söhbətlər zamanı saxlanılma şəraiti və müəssisədə rəftarla bağlı şikayət daxil olmayıb. Onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, bir nəfərin şikayəti ilə bağlı aidiyyəti orqana müraciət edilib.

    17 saylı cəzaçəkmə müəssisəsində intihar hadisəsinin baş verməsi haqqında məlumatla bağlı MPQ üzvləri tərəfindən yerində araşdırma aparılıb, intihar etmiş məhkum Ağayev İsrayıl İsmayıl oğlunun məhkum yoldaşları, habelə müəssisə əməkdaşları ilə söhbət aparılıb. Həmin şəxslər İ.Ağayevi özünə qapalı bir məhkum kimi xarakterizə edib, onun zorakılığa və təzyiqə məruz qaldığının şahidi olmadıqlarını bildiriblər.

    Həmin gün MPQ üzvləri tərəfindən 7 saylı MTCM-ə və Xəzər RPİ-nin MSY-inə keçirilən başçəkmələr zamanı saxlanılma şəraiti və rəftarla bağlı şikayətlər daxil olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi