İsmayıllıda suvarma kanalları və çaylar lildən təmizlənir, baş verə biləcək sel təhlükəsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd təsərrüfatı sahələrində suvarmanın mütəşəkkil qaydada aparılması üçün silsilə tədbirlər həyata keçirilir.
Kanallar lildən təmizlənir, suyun rahat hərəkəti üçün önü açılır. Təmizlik işləri baş verə biləcək sel təhlükəsinin qarşısının alınmasında da böyük rol oynayır.
Təhlükəli hesab olunan ərazilərdə xüsusi texnikalar vasitəsilə qazma işləri aparılır, çay məcralarının eni mümkün olduqca genişlədirilir.
Mütəxəssislər bildirirlər ki, kanalların təmizlənməsi işləri əsasən il ərzində iki dəfə görülür. Vaxtı-vaxtında aparılan təmizlik işləri həm suyun artıq israfının qarşısını alır, həm də gələcəkdə baş verə biləcək sel təhlükəsini önləyir.
Odur ki, hal-hazırda ehtiyac duyulan kanal və çaylar təmizlənir və çaylarda sahilbərkitmə işləri görülür. Bu kimi qabaqlayıcı tədbirlərin plana uyğun olaraq növbəti fəsillərdə də görüləcəyi nəzərdə tutulur.